3D Printer Çap Texnologiyaları

Həvəskarların 3D çap işinə başlamazdan öncə ən çox düşündükləri doğru 3D Printerin seçilməsidir. Günümüzdə 3D Printerlər müxtəlif çap texnologiyalarından istifadə edir və bu texnologiyaların müsbət və mənfi tərəfləri mövcutdur. 3D həvəskarları 3D Printerlərin müsbət və mənfi tərəflərini bilərək daha düzgün seçim edə bilərlər. 3D Printerlərin çap texnologiyaları 2015-ci ildə ISO/ASTM 52900 tərəfindən standartlaşdırılıb və kateqoriləşdirilib. Ümumilikdə bu kateqoriyalara FDM, SLA, MSLA, DLP, SLS, DMLS, SLM, EBM texnologiyaları ilə işləyən 3D printerləri misal göstərmək olar. SLS, SLA və FDM texnologiyaları ilə işləyən 3D printerlərlə bağlı ətraflı məlumatı bu yazıda oxuya bilərsiniz.

SLS 3D Printer texnologiyası

SLS (Selective Laser Sintering) texnologiyası printerin daxilində yerləşdirilmiş qab içərisinə doldurulan polimer tozunun füzyon lazer texnologiyası vasitəsi ilə əridilərək model çap olunmasını təmin edir.

Əvvəlcə 3D printer daxilinə yerləşdirilən qutudakı polimer tozu ərimə temperaturundan bir qədər aşağı temperatura qədər isidilir. Daha sonra bir mexanizm hərəkət edərək qutudakı tozun çox az hissəsini çap lövhəsi üzərinə toz qatı formasında yayır. Hərəkət edən bu mexanizm toz qatını 0.1mm qalınlığında yayır. CO2 və ya Fiber lazer ilə həmin toz qatı olan çap lövhəsinə lazer işıqları yollamağa başlayır. Lazer işıqlarına məruz qalan hissələr əriyərək qatılaşmağa başlayır. Qatılaşan hissənin altında olan platforma hər dəfə lazer işini bitirdikdən sonra bir qat aşağı enir. Hərəkətli mexanizm yenidən ərimiş qatın üzərinə toz qatını yayır və yenidən lazer işıq şuaları salaraq əvvəl əriyən qatın üzərindəki toz qatını yenidən əritməyə başlayır. Üst qat əridikdə alt qata birləşir və yapışır. Bu addımlar bütün model çap olana qədər təkrarlanır. Lazerin əritmədiyi kənarda qalan toz təbəqələri çap zamanı modelin tərpənməməsi üçün dəstək rolunu oynayır. Bu isə modelin əlavə dəstək dayaqlarına ehtiyacını bir qədər azaldır.

μSLS texnologiyası SLS texnologiyasına bənzəsədə daha mikron ölçülərdə lazer ilə çalışır. SLS normalda plastik xammaldan istifadə etsədə μSLS daha çox metal tozu ilə işləyə bilən 3D çap texnologiyasıdır. μSLS texnologiyası ilə yüksək keyfiyyətli 3D metal əşyalar çap etmək mümkündür, ancaq bu texnologiya bir qədər bahalı olduğu üçün çox geniş istifadə edilmir.

SLS texnologiyası ilə qarışıq modellərin çap olunması əlverişlidir. SLS texnologiyası ilə çap olan əşyalar basqı maşınları ilə hazırlanan qəliblənmiş əşyalardakı kimi dözümlülüyü ilə bilinən xüsusiyyətlərə malik olurlar. SLS ilə çap olunan əşyaların üz təbəqəsi bir qədər nahamar olsada görünən qat izləri demək olar ki, heç yoxdur.

SLA 3D Printer texnologiyası

SLA (Stereolitoqrafiya) çap texnologiyası dünyanın ilk 3D çap texnologiyasıdır. Stereolitoqrafiya 1986-cı ildə Chuck Hull tərəfindən ecad olunub və 3D Systems şirkətini quraraq ecadını patentləşdirib.

SLA texnologiyalı printerlərin içərisində xüsusi maye mövcutdur və printer biri X oxunda, digəri isə Y oxunda olmaqla qalvanometrlər və ya qalvolar kimi tanınan güzgülərə malikdir. Sürətlə gələn lazer şüası bu güzgülər vasitəsi ilə xüsusi maye qabına yönəlir və lazer şüası mayeni sərtləşdirərək plastikləşdirir. Xüsusi mayenin lazer şüası vasitəsi ilə sərtləşməsi prosesi fotopolimerləşmə adlanır. Lazer şüaları modelin qatlarını həm də bir-birilərinə yapışdırır. Bu texnologiya ilə model tərsinə yuxarıdan aşağı formada aşağıya doğru çap olunur.

Profesional işlər üçün SLA Printerlər çox yaxşıdır. SLA texnologiyası ilə çap olunan modellərdə model çox dəqiq, görünüşü yaxşı və üzəri hamar olur. SLA Printerlərlə çap olunan modelin çap qatları digər printer texnologiyalarına nisbətən gözlə çox az görünür. SLA texnologiyalı printerlər mühəndislikdə, dişçilikdə, zərgərlik məmulatlarının hazırlanmasında və s. kimi bir çox dəqiqlik lazım olan sahələrdə geniş istifadə edilir.

FDM 3D Printer texnologiyası

FDM (Fused Deposition Modeling) texnologiyalı 3D printlər dünyada ən geniş yayılan və orta büdcəli 3D printerlər hesab olunur. FDM printerləri bəzən FFF də adlandırırlar.

Ümumilikdə bu printerlərin işləmə forması bir filament topasının 3D printerə taxılması və filamentin ekstrudorun ucundakı nozuldan (ucluq) əriyərək çıxması şəkilindədir. Nozul lazım olan temperatura qədər isinir. Bir motor 3D printerə taxılan filamenti nozula itələyərək əriməsinə səbəb olur. Bu zaman 3D printerin ekstrudoru çap lövhəsi üzərində əvvəlcədən müəyyən olunan koordinatlarla hərəkət edərək əriyən filamenti çap lövhəsinə tökür. Çap lövhəsi ilə nozul arasında məsafə çox az olmalıdır. Bir qat tamamlandığında ekstrudor bir qat yuxarıya qalxaraq eyni prosesi yenidən ən sonda model tam çap olana qədər davam etdirir.

FDM texnologiyasında ABS, PLA və digər filament növləri ilə 3D modellər çap etmək olur. Filamentlər haqqında buradan ətraflı məlumat ala bilərsiniz. Sadə və aşağı büdcəli prototip parçaların hazırlanması üçün çox əlverişli texnologiyadır.

FDM ilə çap olunan əşyaların çap qatları gözlə görünə və qarışıq modellərdə çap prosesi düzgün nəticə verməyə bilir. FDM texnologiyası ilə işləyən 3D printerlər SLA və SLS ilə müqayisədə keyfiyyətcə aşağı göstəriciyə malik, qarışıq modelləri çap etmək üçün əlverişli seçim olmasada layihələrdə prototiplərin hazırlanması üçün çox geniş istifadə olunur.